Ordubadın məhşur və əvəzolunmaz şirniyyatlarından biri olan Ordubad Qayğanağı haqqında ətraflı məlumat və bir çoxunun axtardığı resepti sizinlə bölüşürük

        Ordubadın məhşur və əvəzolunmaz şirniyyatlarından biri də Ordubad Qayğanağıdır. Bu Qayğanağı Ordubad rayonu başqa yerdə hazırlamırlar.Ballı qayğanağı dahiyanə icad da hesab etmək olar. Çünki kənardan yığcam və sadə görünən qayğanağın dadına baxanda yumşaq və zərif ləzzət hiss edirsən. Qayğanağı Naxçıvan Muxtar Respublikasının kiçik cənub şəhəri olan Ordubadda hazırlayırlar. Bu şəhərin sakinləri dadlı yeməkləri çox sevirlər. Ordubadın ənənəvi ballı qayğanağı Azərbaycan mətbəxini dünya mətbəxləri arasında unikal edən yeməklərdən biridir. Onun resepti ailələrdə miras yolu ilə, yəni anadan qıza ötürülür. Bu yeməyin hazırlanma prosesi isə bir növ öz incəlikləri olan ayrıca mərasimi xatırladır. 

Qayğanağın əsas xüsusiyyəti onun müxtəlif məhsulları bir araya gətirə bilməsindədir. Belə ki, həmin məhsullar qayğanaqda bir-birini ideal şəkildə tamamlayır. Yumurta, yağ və bal müxtəlif yeməklərin tərkibində tez-tez rastlanan və bir-birinə uyğun gələn məhsullardır. Ordubad yeməyi də bu baxımdan istisna təşkil etmir və həmin məhsullar qayğanağın əsas inqredientləridir. Onların sadə şəkildə birləşməsi qayğanağa unudulmaz dad verir. 


Ballı Qayğanağın hazırlanma qaydası

Ordubad qayğanağını hazırlamaq olduqca çətindir. Resepti bilmək hazırlanmağının sadəcə yarısıdır. Əsas olan Qayğanağı hazırlayarkən  lazımı temperaturu saxlayıb və qayğanağı vaxtında çevirəsən. Bu isə zərgər əlləri istəyir. 

Qayğanağın hazırlanması üçün lazımi resepti sizinlə paylaşırıq:

  • 1 kq və ya 1,5 kq ərinmiş kərə yağı
  • 12 ədəd yumurta
  • 1 çay qaşığı un
  • 1 çimdik duz

Şərbəti üçün:

  • 3-4 qaşıq bal və ya 10 qaşıq şəkər tozu
  • 1 stəkan su

İlk öncə 12 ədəd yumurtanı ağaranadək yaxşıca qarışılmalıdır. Daha sonra üzərinə 1 çimdik duz və 1 çay qaşığı un əlavə edib yenidən qarışılmalıdır. Zəif ocaqda orta ölçülü qazanda ərinmiş yağı dağ olunmağa qoyun. Dağ olmuş yağın  yarısını ayrıb başqa bir kiçik qazana tökün və isti qalması üçün ocağın üstünə qoyun. Əsas qazanda yağ dağ olduqda yumurtanı oxlovla qarışdıraraq üzərinə əlavə edin və üzərinə kiçik qazanda olan yağdan az-az əlavə edin. Yağ əlavə edildikcə qayğanaq şişir və qızarır. Daha sonra onu tərs üzünə çevirərək proseduru təkrarlayın. Bişən qayğanağı qazandan götürüb boşqaba qoyun və soyudun. Şərbəti hazırlamaq üçün suyun üzərinə bal və ya şəkər tozu əlavə edin. Bir qazançada qatılaşanadək qaynadın və soyudun. Bişən və soyuyan qayğanağın üzərinə şərbət əlavə edin.

Sizə nuş olsun :)

Əgər hazırlanmasını çətin və yorucu görürsünüzsə Ordubad qayğanağını bizdən sifariş edərək, ünvana çatdırılma xidmətimiz ilə əldə edə bilərsiniz.