Xarıbülbül Kolleksiyası
Bir gül ki, yalnız öz torpağında açır. Bir hədiyyə ki, yalnız bir süfrəyə yaraşır.
Çiçəyin hekayəsi
Mayın ilk günlərində, Cıdır düzünün yamaclarında, bir gül açır. Boyu bir qarış, üç ləçəyi var: ikisi yana açılıb qanad kimi, üçüncüsü yuxarı qalxıb başını əyib. Uzaqdan baxan elə bilir, bülbül gülə qonub, qanadlarını yığmağa macal tapmayıb.
Xalq ona xarıbülbül deyib. Rəvayətə görə, qərib eldə darıxan bülbül tikanlı gülün üstündə oturub ağlayıb; göz yaşı torpağa düşəndə bu çiçək bitib. O vaxtdan bu gül həsrətin, vəfanın və öz yurduna bağlılığın nişanəsidir.
Onu köçürmək istəyiblər. Başqa dağlarda, başqa bağçalarda əkiblər, baxıblar, gözləyiblər. Açmayıb. Xarıbülbül yalnız Şuşanın torpağında, yalnız o havada açır.
Otuz il o dağlara yol bağlı qaldı. Hər may gül yenə açdı, amma onu dərən olmadı, uşaqlar ona əl uzatmadı, gəlinlər saçına taxmadı. Şuşa səssiz idi.
2020-ci ilin 8 noyabrında Şuşa geri qayıtdı. Növbəti bahar Cıdır düzündə xarıbülbül yenə açdı — bu dəfə öz adamlarının gözü qabağında. Həmin may Şuşada «Xarıbülbül» musiqi festivalı otuz ildən sonra yenidən keçirildi; dağlar yenə muğam səsi eşitdi.
Ona görə bu çiçək bizim üçün sadəcə gül deyil. Həsrətin, vəfanın, dözümün və Zəfərlə gələn qayıdışın rəmzidir.
Qutunun hekayəsi
Qapağın ortasında xarıbülbül var — cəvizə oyulub, üstünə 24 əyar qızıl vərəq əl ilə yatırılıb. Usta bir çiçəyə bir gün vaxt qoyur. Ətrafında Qarabağ xalçalarının haşiyəsini xatırladan oyma naxış dolanır, dörd küncdə isə qala qapıları — Şuşanın daş divarlarına, Gəncə qapısına, İrəvan qapısına ehtiram.
Qapağı qaldıranda içəridən Ordubad baxır: Zəngəzurun dağları, sıra ilə düzülmüş sərv ağacları, köhnə şəhər qapısı və hər budağında nar olan bir ağac. Ağacın başında bülbül oturub. Qarabağın gülündən uçub Ordubadın narına qonub.
Bu təsadüf deyil. Ordubad da, Şuşa da eyni torpağın iki qədim şəhəridir: biri Arazın sahilində bağları ilə, digəri Qarabağın başında qalası ilə. Birinin nübarı, digərinin gülü var. Biz onları bir qutuda görüşdürdük.
Qutu təbii cəviz ağacındandır. Cəviz illər keçdikcə tündləşir, qızıl isə ilk günkü kimi qalır. Nemətlər bitəndən sonra qutu masada qalır — Qarabağın gülü ilə Ordubadın bağı bir yerdə.
İçindəkilər · 10 bölmə
Ordubadda qış süfrəsi yayda qurulur. Ərik damlara düzülür, tut ağ parçaya çırpılır, qoz kölgədə quruyur, mürəbbə mis qazanda zəif odda bişir. Hamısı qışa saxlanır, qonaq gələndə ortaya çıxır. Qutunun on bölməsində həmin süfrənin payı var.
- İki banka mürəbbə — Ərik, heyva, qızılgül və ya yaşıl qoz. İstəyə görə qızıl çay və ya kəklikotu.
- Qoz-fındıq — Əllə sındırılmış cəviz ləpəsi, fındıq, badam.
- Quru meyvə — Günəşdə qurudulmuş ərik, tut, Ordubad kişmişi.
- Alana və sucuq — Bayram süfrəsinin iki zəhmətli neməti.
- ÖLÇÜ: 30 × 40 × 8 sm
- MATERİAL: Təbii cəviz ağacı, oyma naxış
- EMBLEM: Xarıbülbül, 24 əyar qızıl
- LOQO: Qravür, relyef və ya 24 əyar qızıl (+10%)
Kimə
8 Noyabr — Zəfər Günü, Şuşanın azad olunduğu gün. Bu gün verilən hədiyyə bir şirkətin yox, bir xalqın adından danışır. Xarıbülbül Kolleksiyası ilk növbədə bu günün hədiyyəsi kimi düşünülüb.
Dövlət və korporativ protokol üçün. Xarici qonaqlara və nümayəndə heyətlərinə — ölkəmizi bir qutuda tanıtmaq üçün. Zəfər Günü, 28 May Müstəqillik Günü və Novruz münasibətilə təqdim olunan hədiyyələr üçün.
Hər qutuda iki dildə kart var: xarıbülbül çiçəyinin hekayəsi, Şuşanın qayıdışı və hər bölmədəki nemətin mənşəyi. Qurumun loqosu qapağa həkk olunur, qutular Bakı daxilində ünvan siyahısı üzrə çatdırılır.
Şəhidlərimizin əziz xatirəsinə və qazilərimizə ehtiramla.
700 ₼