«Haralısan?» — «Ordubadlıyam»: cavabın tarixi
Ordubadlı niyə «naxçıvanlıyam» yox, «ordubadlıyam» deyir? Cavab Cümə məscidinin daş kitabəsində yazılıb.
«Naxçıvanlı deyiləm, ordubadlıyam» — bu sözü ordubadlıların dilindən eşitməyən az olar. Amma bu deyimin haradan gəldiyini ordubadlıların özləri də hər zaman bilmir.
Hekayə Səfəvilər dövrünə gedib çıxır. 1588-ci ildə Osmanlı qoşunları Ordubadı tutur; şəhəri geri alan I Şah Abbas döyüşlər zamanı düşmənə müqavimət göstərən əhalini mükafatlandırmaq qərarına gəlir. Bu qərarda şahın vəziri, əslən ordubadlı Hatəm bəy Ordubadinin xüsusi rolu olur. Mənbələrə görə, Nəsirəddin Tusi nəslindən olan Hatəm bəy dövrünün ən nüfuzlu dövlət xadimlərindən idi.
I Şah Abbasın Ordubad əhalisini vergidən azad edən fərmanı daşa həkk olunub. Kitabə bu gün də Ordubad Cümə məscidinin şərq qapısının üstündə durur — onu öz gözünüzlə görmək mümkündür.
Rəvayətə görə, həmin dövrdə Səfəvi torpaqlarını gəzən tacirlər vergidən azad olmaq üçün «ordubadlıyam» deyərmişlər. Aradan əsrlər keçsə də, «haralısan?» sualına ordubadlının cavabı dəyişməyib: «Ordubadlıyam».