Ordubad haqqında maraqlı məlumatlar
Qıfılsız qapılar, «40 pilləkən» kəhrizləri, şirin çay adəti və Nuh əfsanəsi — Ordubadı Ordubad edən hekayələr.
1980-ci il 26 martda Ordubada səfəri zamanı ümummilli lider Heydər Əliyev demişdi: «Ordubadı haqlı olaraq Azərbaycan torpağının incisi adlandırırlar. Ordubad bağlarının, şəlalələrinin, dağ göllərinin təkrarsız gözəlliyi ilə məşhurdur.»
Şəhər Araz çayının sol sahilində, Zəngəzur silsiləsinin ətəyində, dəniz səviyyəsindən təxminən 850 metr yüksəklikdə yerləşir. Ordubadçay şəhəri iki hissəyə bölür. Ordubad məhəllələrdən ibarətdir və hər məhəllənin öz meydanı, məscidi, çinarı, çarhovuzu, çeşməsi və hamamı var. Ən qədimi fars dilində «baş şəhər» mənasını verən Sərşəhərdir. Çayın o biri sahilindəki Ambarasın köhnə adının «bol sulu» mənasında Abirasd olduğunu deyirlər.
Ordubadlılar qonaqpərvərliyi ilə tanınır. XVIII əsr coğrafiyaşünası Hacı Zeynalabdin Şirvani yazırdı: «Ordubad ürəkaçan bir yerdir… Suları və bağları çoxdur. Meyvələri gözəl və boldur. Havası xoşdur.» Deyirlər, burada evdən çıxanda qapını bağlamırlar.
Orta əsrlərdə yaradılmış kəhriz sistemi bu gün də şəhəri su ilə təmin edir. Kəhrizlərə enmək üçün tikilmiş pilləkənlərə görə xalq onlara «40 pilləkən» deyir. Yayda üzüm, qarpız, ət-süd məhsulları sərin qalsın deyə bu pilləkənlərin içinə qoyulurdu.
Ordubad çay süfrəsi ilə məşhurdur: samovar çayı, cəviz və ərik mürəbbəsi, limon, meyvə quruları. Yeməyə də «gedək çay içək» deyə dəvət edirlər. Elçiliyə gələn oğlan evinə «şirin çay» verilirsə, qız evi razıdır — bu adət bu gün də yaşayır.
XVII əsrə aid Qeysəriyyə vaxtilə zərgərlik məmulatlarının satıldığı örtülü Şərq bazarı olub, sonra zorxana — güləş meydanı kimi fəaliyyət göstərib, bu gün isə muzeydir. Cümə məscidinin cənubundakı meydanda, nəhəng çinarların altında isə çayxanalar Ordubad məişətinin ayrılmaz parçasıdır.
Əfsanəyə görə, Nuh tufanı zamanı gəmi əvvəlcə Ordubaddakı Kəmki dağına yüngülcə toxunub, sonra Gəmiqayada quruya oturub. Gəmiqayanın qayaüstü təsvirləri — insan və heyvan rəsmləri, ov səhnələri — Naxçıvanın ən qədim sakinlərindən qalıb.
Ordubad adının mənası haqqında da fikirlər müxtəlifdir: bir izaha görə ərəb səyyahları münbit bağlara görə buranı «cənnət bağı» adlandırıblar; tədqiqatçıların çoxu isə adı qədim türk dilindəki «ordu» (iqamətgah, qərargah) və «abad» sözlərinə bağlayır.