Ordubad öz dadlı meyvələri ilə məşhurdur. Belə meyvələrdən biri də cəvizdir. Gəlin Sizə Cəviz haqqında ətraflı məlumat və faydalarını qeyd edək. İnanırıq ki maraqlı olacaq.

Bir çox xalqlar cəvizi insanlara xoş güzəran və uzun ömür bəxş etmək kimi qəbul edirlər. Qədim yunanlar bayram günlərində bir-birlərinə cəviz meyvəsi hədiyyə ediblər. Roma xalqının toy mərasimləri cəvizsiz keçməzmiş. Ona Rusiyada yunan qozu, Finlandiyada alman qozu, Bolqarıstanda bolqar qozu, Moldovada voloş qozu, Azərbaycanın digər ərazilərində sadəcə olaraq qoz,  Ordubad-Naxçəvanda isə cəviz deyirlər. Dünya florasında 60-a qədər növü yayılan cəviz respublikamızın meşələrində, kolluq sahələrdə təbii bitən və mədəni əkinçilikdə yetişdirilən qiymətli meyvə ağaclarındandır.

Qədim Naxçıvan torpağında peşəkar bağbanlar tərəfindən V-VI əsrlərdən “Kətən köynək”, “Daş cəviz”, “Əlincə”, “Qarğa cəvizi”, “Şappan ləpəli”, “Salxım cəviz”, “Bəy cəvizi”, “Suğra”, “Pekan”, “Seyfi” sortlarından istifadə edilməklə salınan və ata babalarımızdan bizlərə miras qalan cəviz bağları təbiətimizin ruzi-bərəkəti kimi qiymətləndirilməlidir. Naxçıvan torpağında yetişdirilən cəviz meyvəsinin dadının və tamının damaqdan getməyən xüsusiyyətinə, tərkibinin qidalılıq dərəcəsinə görə nəinki Azərbaycanda, hətta dünyada analoqu yoxdur. Naxçıvan Muxtar Respublikasının bütün inzibati ərazilərində bu meyvə bitkisinə rast gəlinir.


Cəvizin meyvəsi iki taylı olub, yeməli nüvəsi 4 bərabər hissədən ibarətdir. Cəvizin kaloriliyi çörəyə nisbətən 3, ətə nisbətən 4, kartofa nisbətən isə 7 dəfə artıqdır. Cəvizin qabığı, yarpağı, yaşıl qərzəyi aşı və boyaq maddəsi ilə zəngindir.  Cəviz yağı yeyinti sənayesində, tibdə və eləcə də tuş, lak, rəng, yüksəkkeyfiyyətli sabun istehsalında istifadə edilir. Ordubad Cəvizi digər rayonların cəvizindən yağlılığı ilə seçilir.


Azərbaycanda cəviz ləpəsindən halva və paxlava bişirmək üçün istifadə edilir. Asiya xalqları hələ qədim zamanlardan cəviz ləpəsini yeməklə bərabər, bir sıra xörəklərin hazırlanmasında da istifadə ediblər. Yetişməmiş, sütül cəvizdən mürəbbə bişirilir. Ordubadın ən məhşur mürəbbələrindən biri Cəviz mürəbbəsidir. Qərzəkdən təmizlənmədiyindən onun mürəbbəsi bir sıra vitaminlərlə və efir yağları ilə zəngin olur.

Cəvizin müalicəvi əhəmiyyəti də az deyil. Məşhur təbib İbn Sina əsərlərində həmişə cəvizi qüvvətli qida və müalicə bitkisi kimi təbliğ edib. Hippokrat cəvizin yaşıl qabığından qurdqovucu vasitə kimi istifadə edib. Cəviz yarpağının qankəsici xüsusiyyətləri qədim xalqlara çoxdan məlum olub. Bir sıra həkimlər qeyd edirlər ki, yarpağından hazırlanmış ekstraktdan xəstəyə gündə 2-4 dəfə verdikdə onda baş verən qanaxmalar tamamilə dayanacaqdır. Vərəm xəstəliyi zamanı baş verən qanaxmaların, eləcə də bu cür xəstəliklərin qarşısını almaq üçün cəviz çayından 2-3 ay qəbul etməyi məsləhət görürlər. Cəvizin qabıq və yarpağından hazırlanan çayların yaxşı qantəmizləyici təsirə malik olması tibbi təcrübələrdə təsdiq olunub. Cəvizin təzə yarpaqlarını iltahablı yaraların üzərinə qoyub müalicə edirlər. Həmçinin dəri üzərində əmələ gələn müxtəlif mənşəli yaraların müalicəsində  cəviz yarpağından hazırlanan dərmandan  istifadə olunur. Cəviz yarpağı həm də insektisid xüsusiyyətlidir. Bu xüsusiyyətinə görə bir çox həşəratlar cəviz ağacından kənar qaçır. Odur ki, qədim zamanlarda insanlar həşəratlardan qorunmaq üçün yaşayış evlərinin yaxınlığında, həyətlərdə cəviz ağacı əkərmişlər. Cəviz ağacı bitən ölkələrdə əhali xalı və xəz məmulatlarını güvədən qorumaq üçün onun yarpaqlarından istifadə edirlər. Cəvizin yetişməmiş meyvələrinin yaşıl qabığı C vitamini ilə çox zəngindir. Sütül meyvələri tərkibində olan C vitamininin miqdarına görə hətta limon, həmərsin və qara qarağatdan da üstündür. Odur ki, ondan C vitamini almaq və mürəbbə bişirmək üçün istifadə olunur. Cəvizin yetişməmiş meyvəsindən alınan askorbin turşusunun konsentratı tünd-qəhvəyi rəngdə olub cəviz yarpağının ətrini verən mayedir.

Cəviz ləpəsinin və qabığının da qədim dövrlərdən bəri xalq təbabətində özünəməxsus yeri vardır. Döyülmüş cəviz ləpəsindən zəhərlənmələrdə, onun əncirlə qarışığından isə həzmi yaxşılaşdırmaq üçün istifadə ediblər. Üyüdülmüş cəviz qabığı ən yaxşı qankəsici vasitə hesab edilir. Yandırılmış cəviz qabığını isə yaraların üzərinə səpərək onu müalicə edirlər. Mədə turşuluğu çox olan xəstələr 50 qram ləpəni 10 gün müddətində qəbul edərsə, turşuluq normaya düşər.

Azərbaycanın milli sərvətlərinin tərkibinə və genetik fondumuza daxil olan cəviz ağacının artırılıb çoxaldılması, qorunması və bizdən sonrakı nəsillərə ərməğan olunması xeyirxahlıq, bərəkət rəmzidir. Bu xeyirxahlıq əməli ilə məşğul olmaq isə ən azı hər birimizin vətəndaşlıq borcu hesab edilməlidir.

Ordubadda cəvizdən müxtəlif çeşidli məhsullar da hazırlanır. Alana, basdıq, miyanpur, paxlava, şəkərbura, halva, cəviz mürəbbəsi, cəvizli kükə, rayonumuzda xüsusi səriştə ilə ərsəyə gətirilir. Ordubad Cəvizi məhsullarından hazırlanan nemətləri Ordubad Bazardan əldə edə bilərsiniz. 
Məhsullara baxmaq