Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı, Naxçıvan (Ordubad) mətbəxinin özünəməxsus yeməkləri də vardır. Qovurma Naxçıvan-Ordubad mətbəxində həm qış ruzisi, həm də hazır yemək növüdür. Naxçıvan-Ordubad mətbəxinin şahı sayılan qovurma əsasən qışda yeyilir.
Qovurma Azərbaycan mətbəxinin ən dadlı yeməklərindəndir. Onu hər kəs, xüsusən evin balacaları daha çox xoşlayırlar. Naxçıvanda qovurma ilə hazırlanmış qış xörəkləri bişiriləndə hamının, hətta başqa vaxt yeməyə dığal olan uşaqların da iştahası artır. Azərbaycanın bir çox bölgələrində qovurma fərqli tərzdə hazırlanır, Lakin Naxçıvan qovurması tam fərqli və xüsusi dada malikdir. Xülasə, ilin bu aylarından başlamış ta Novruz bayramınadək süfrələrin ən dadlı yeməklərindən sayılan qovurmalı bozbaş, yumurta, küftə, əriştə aşı, yarma durusu kimi Naxçıvan mətbəxində geniş istifadə olunan yeməklərə daha çox üstünlük verilir. Bu yeməklərə bir də erkən yaz aylarında Şahbuz dağlarından toplanan yabanı ələyəz, əvəlik, qazayağı, Nehrəm kəndi ətrafındakı dağlardan toplanan çoban kirmidi kimi yabanı bitki quruları da əlavə olunduqda bunlar qış süfrəsinin əsl şahına çevrilirlər. Onu da qeyd edim ki, qovurma bir də erkən yazda damaq dadımızı dəyişir. Yazın ilk günləri təzə çıxan dağ pencərləri – cacıq, qazayağı, şomu, sobu və digər pencərlər qovurma ilə qovrulub bişirilir ki, bunun da dadını-tamını yazmaqla çətin ki, izah edə bilək.
Qovurmaya təkcə sevilən milli mətbəx nümunəsi kimi deyil, həm də bir çox əlamətlərinə görə xalqımızın zəngin tarixi keçmişini, adət-ənənələrini də özündə yaşadan bir ərzaq məhsulu kimi baxmaq lazımdır.
Qovurma hələ qədimdən bəri ət emalının ən geniş yayılmış və etibarlı formasıdır. Naxçıvanda mövcud olan iqlim və digər şərtlər tarixən qovurmaya olan marağı daha da artırıb. Qovurma haqqında “Kitabi-Dədə Qorqud” dastanında da bəhs olunur. Tarixən insanlar Naxçıvanın sərt qışına ərzaq ehtiyatı toplamaq üçün bir çox mətbəx nümunələri yaradıblar. Qovurma da bunların başında gəlir. Çünki qovurmanı bir neçə ay keyfiyyəti heç pozulmadan saxlamaq mümkündür. Digər bir tərəfdən çətin müdafiə şərtlərində bu cür qidalar daim babalarımızın dadına çatıb. Nəsə, bu, etnoqrafların, tarixçilərin öhdəsinə düşən məsələ olduğu üçün çox da dərinə getmək istəmirəm. Ona görə də bir neçə kəlmə qovurmanın hazırlanması və faydalarından bəhs etmək yerinə düşər.
Naxçıvan qovurması, adətən, iki-üçyaşlı qoç, təkə yaxud erkək dana ətindən hazırlanır. Keçmişdə olduğu kimi, indi də qovurmaya olan ehtiyac ailə üzvlərinin sayına görə müəyyən olunur. Soyuq keçən qış aylarında isə bu tələbat nisbətən çox olur. Belə ki, insan orqanizminin şaxtalı havalarda tələb etdiyi enerjinin ödənilməsi üçün kəsilmiş heyvanın öz yağında qızardılmış qovurması yüksək kaloriliyi ilə çox faydalıdır. Bəri başdan onu deyək ki, qovurma həzm zamanı adi qızartmalardan əziyyət çəkənlər üçün qətiyyən zərərli deyil. Bu yəqin ki, onun hazırlanma texnologiyasından da asılıdır. Həm də qovurmalıq heyvanın xüsusi olaraq bəslənməsi də burada əsas faktorlardandır. Belə ki, qovurulmaq üçün kəsiləcək heyvan qısa müddətdə xüsusi qüvvəli yemlərlə deyil, yaz fəslindən başlayaraq dağların gül-çiçəyi ilə bəslənilərək kökəldilir. Ona görə də qovurmalıq üçün ətin bu işi bilən kəndli fermerlərdən alınması daha düzgün olar.
Qovurma hazırlanması qışa ərzaq tədarükündən əlavə, məişət mədəniyyətimizin də mühüm bir hissəsidir. Naxçıvanda əhali arasında buna, xüsusilə diqqət yetirilir. Bu zaman bütün ailə üzvlərinin bir arada olması, bəzən çox vacib ev işlərinin də təxirə salınıb hər kəsin bu işə kömək etməsi yaxşı qorunub saxlanılmış adətlərimizdəndir. Naxçıvanda kimin həyətində qovurma hazırlanarsa bundan bütün məhəllə xəbər tutar. Belə ki qovurulacaq ətin qaynadıldıqdan sonra, bəzi kəndlərimizdə təngov, bəzilərində işgənə adlandırılan suyu qonşulara paylanılır, bu zaman uşaqlar və yaşlı adamlar, xüsusilə nəzərdə saxlanılır. Lavaş doğraması ilə yeyilən belə yemək növünə Naxçıvana ilk dəfə gələn qonaqlar təəccüblə baxsalar da, ilk dadımlıqdan sonra onlar da lavaşı lavaşla yeməyin ləzzəti ilə tanış olurlar. Hər halda, Naxçıvan lavaşı ilə yeyilən Naxçıvan qovurmasının dadından doymaq çətindir.
Ənənəvi olaraq mis qazanlarda hazırlanan qovurma sərin yerdə şüşə və çuqun qablarda aylarla saxlanıla bilir. Qovurmanın keyfiyyətli olması və uzun müddət saxlanıla bilməsi üçün ona yalnız kəsilmiş heyvanın quyruq, yaxud iç yağı üzərini tam örtmək şərtilə əlavə olunmalıdır. El arasında işlədilən “öz yağı özünü basır” məsəli də elə buradan yaranıb. Sonradan bu məsəl “özü özünü təmin etmək”, “özü özünü ötüşdürmək” mənasında işlədilməyə başlanıb. Üzərinə başqa yağlar əlavə olunmuş qovurmanın ömrü az, dadı isə kəm olur. Başqa sözlə, hardasa süfrəyə marqarinlə qızardılmış əti Naxçıvan qovurması kimi təqdim edirlərsə, onu heç dadmağa dəyməz. Odur ki, milli mətbəximizin əsl sərvəti olan bu ləziz yeməyin saxtalaşdırılmasına və ya özgəninkiləşdirilməsinə yol verməmək üçün onun olduğu kimi tanıdılması da lazımdır.
Qovurma çox dadlı olması ilə yanaşı həmçinin hazırlanması çox əziyyətlidir. 1 kq qovurma əldə etmək üçün 1,6-2 kq ət (Qoyun əti 1,6-1.8kq, Dana əti 1,8-2kq) , 0,6-0,8kq quyruq istifadə edilir.
Naxçıvan (Ordubad) Qovurması növlərini Ordubad Bazar-dan sifariş edərək əldə edə bilərsiniz.
3 Rəylər
Qavırma...
Çox xoşuma gəldi.Almaq istəyərdim.Sifariş vermək üçün tel.nömrəsi yazın
Salam, Gününüz xeyir. +994993336985; həmçinin veb səhifəmizdən sifariş edə bilərsiniz. Təşəkkür edirik.
Qiymətləriniz çox bahadır. 2 banka qovurmanı bir quzu qiymətinə verirsiz. Özümüzdə naxçıvanda böyümüşük siz yazdığınız kimi ət getmir qovurmaya. Bir kiloluq qovruma bankasında bir kilo et olmur.
Şərh yaz